İrina Zaretska: "Çalışacağam ki, fəxriniz olum"

"Olimpiadaya ciddi hazırlaşmışıq. Bu, bizim üçün ən güclü yarışdır. Lisenziya qazanmaq üçün təsnifat mərhələsində çətin yol keçdik".

Sportline.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycanın qadın karateçisi İrina Zaretska deyib.

68 kq çəki dərəcəsində çıxış edən idmançı federasiyanın onlara bütün lazımi dəstəyi verdiyini bildirib: "Hər zaman çalşacağam ki, sizin fəxriniz olum".

67 kq-da yarışan Firdovsi Fərzəliyev daha əvvəl lisenziya qazanan idmançılara baxaraq fəxr etdiyini söyləyib: "Mən də onların sırasında olmaq istəyirdim. Parisdəki təsnifat yarışında 10 görüş keçirdim. Sevinirəm ki, orada uğurlu nəticələr əldə etdim və olimpiadada iştirak hüququ qazandım".

Kumite üzrə komandanın baş məşqçisi Qurban Tağıyev 75 kq çəki dərəcəsindəki Asiman Qurbanlının xal hesabı ilə reytinqdən lisenziya qazanmaq şansının olmadığını söyləyib: "Buna görə də Asiman kontinental yarışlara üstünlük verirdi. Fransada keçirilən təsnifat yarışında 5-ci döyüşündə məğlub oldu. Yarımfinala çıxacağına ümid var idi. Amma idmanda qalibiyyət olduğu kimi, məğlubiyyətlər də mövcuddur. Onun dizində zədəsi də var. Təbii ki, bu da onun olimpiadadan kənarda qalmasında rol oynadı".

Tokioda hakim funksiyasını yerinə yetirəcək Cahangir Babayev olimpiadada hər çəki üzrə 10 idmançının olacağını diqqətə çatdırıb: "Hər qrupda 5 idmançı mübarizə aparacaq və onların ikisi növbəti mərhələyə çıxacaq. İnanırıq ki, 3 idmançının hər biri mükafatçılar arasında olacaq. Rafael Ağayev karatenin brilyantı, nömrə birdir. İrina Zaretska da onun kimi əsas namizədlərdən hesab edilir. Firdovsiyə də inamımız tamdır. Hər birindən yaxşı nəticə gözləyirik"

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.