Karateçilər Bazeldən uğurlu nəticə ilə dönüblər
WKF karate üzrə seçmə komandamızın üzvləri İsveçrədə keçirilən 8-ci "Basel Open Masters" turnirində 18 medal qazanıblar. Sportline.az xəbər verir ki, mükafatlardan 9 qızıl, 5 gümüş, 4 isə bürüncdür.
Üç kateqoriya üzrə təşkil olunan turnirin fərdi yarışlarında Rafael Ağayev (75 kq), Şahin Atamov (+84 kq) və Roman Heydərov (kata), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) çempion olub. Firdovsi Fərzəliyev (60 kq), Nuranə Əliyeva (50 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci sıranı, Novruz Əliyev (75 kq) və Ayxan Mamayev (84 kq) isə üçüncü pilləni tutub.
Açıq turnirdə Asiman Qurbanlı (+84 kq) ilə F.Əliyeva birinci, A.Mamayev ikinci yeri tutub. Sonda yarışın mükafatçıları arasında "Masters" turirində isə R.Ağayevlə İ. Zaretska qızıl medal, Ayxan Mamayev gümüş, A.Qurbanlı və F. Əliyeva isə bürünc mükafat qazanıb.
Qeyd edək ki, Azərbaycan Milli Karate Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində uğurla çıxış edən idmançılarımız oradan birbaşa həftəsonu İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 A seriyası turnirinə yollanacaq.