Karateçilərimiz Avropa çempionatının finalında
İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadın milli komandamız tarixində ilk dəfə komanda yarışlarında Avropa çempionatının finalına yüksəlib.
Fransanın Monpelye şəhərində keçirilən yarışın ilk görüşündə Portuqaliya idmançılarına 7-1 hesabı ilə qalib gələn karateçilərimiz, ardından Rusiyanı 8-5, Finlandiyanı isə 6-3 hesabı ilə məğlub edərək yarımfinala çıxıblar.
Final uğrunda görüşdə isə qadın komandamızın rəqibi güclü Türkiyə idmançıları olub. Bu mərhələdə əzmkar mübarizə nümayş etdirən karateçilərimiz hesabda geri olsalar da nəticədə 7-4 hesablı qələbə ilə finala çıxıblar.
Final görüşündə onları qitənin ən güclü və titullu komandalarından biri, Xorvatiya idmançıları ilə gərgin görüş gözləyir. Qızıl medalın taleyi mayın 8-də məlum olacaq.