Karateçilərimiz Fransada

Karate üzrə Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Karate1” Premyer Liqa turnirinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasından SportLine.az-a verilən məlumata görə, yanvarın 25-də start götürəcək yarışın ilk günündə Firdovsi Fərzəliyev ( 60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev (hamısı 67 kq), Rafael Ağayev (75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva, Fidan Teymurova (ikisi də 50 kq) və İlahə Qasımova (55 kq) tatami üzərinə çıxacaqlar. Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hamısı 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (hamısı +84 kq), eləcə də Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) isə şənbə günü mübarizəyə qalıtacaq.

Medallar uğrunda həlledici görüşlər bazar günün – yanvarın 27-də keçiriləcək. Bu yarış kumite üzrə yeni baş məşqçi, türk mütəxəssis Bahəddin Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər “Karate1” Premyer Liqa seyirasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, 2020-ci il Tokio Yay Olimpiya Oyunları və “Minks 2019” II Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaq.