Karateçilərimiz “Marmara Cup”da birinci yeri tutublar
Azərbaycan karateçiləri “Marmara Cup” beynəlxalq turnirində komanda hesabında birinci yeri tutublar.
Bu barədə Sportline.az-a Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindən məlumat verilib.
Yarışda ölkəmizi təmsil edən (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında) idmançılardan Fərid Savadov (60 kq), Rəşid Süleymanov (75 kq), Nuran Rzazadə (67 kq), Asiman Qurbanlı (+84 kq) qızıl, Mədinə Sadıqova (55 kq), Fariz Şahbazov (60 kq), Aysu Əliyeva (61 kq) və Hüseyn Məmmədli (67 kq) gümüş, Fatimə Cəbrayılova (50 kq), Nəzrin Piriyeva (55 kq), Turqut Həsənov (84 kq), Fərid Şahbazlı (84 kq) və Vahid Həsənov (+84 kq) bürünc medal qazanıb.
Milli turnirdə AKF-nin baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında çıxış edib. Karateçilər MDB Oyunlarına hazırlıq məqsədilə təlim-məşqlərə də start veriblər. Yığmanın bu turnirdə iştirakı və MDB Oyunları öncəsi hazırlığı Gənclər və İdman Nazirliyinin dəstəyi əsasında baş tutub.
Qeyd edək ki, beynəlxalq turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi qüvvəsini sınayıb.