Karateçilərimiz üçün ilin ilk sınağı

WKF karate üzrə böyüklərdən ibarət milli komandamız 2018-ci il yarış mövsümünə start verir. Sportline.az xəbər verir ki, kişi və qadın karateçilər 26-28 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqa turnirində iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov və Baş katib MirHəsən Seyidov Fransaya yola düşən rəsmi heyətin tərkibindədir.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu liqa yarışında 15 karateçimiz mübarizə aparacaq. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev, milli komandanın məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev bəzi çəkilərdə iki idmançını sınaqdan keçirməyə üstünlük verib.

Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi -60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Turqut Həsənov (hər ikisi -84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü +84kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva medal qazanmaqla bərabər, dünya reytinq xallarını artırmağa çalışacaqlar.