Karateçilərimizdən iki gümüş, bir bürünc medal
Azərbaycan karateçiləri Almaniyanın paytaxtı Berlində keçirilmiş Premyer Liqa yarışında iki gümüş və bir bürünc medal qazanıblar.
SportLine.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) yalnız finalda uduzaraq, gümüş, Firdovsi Fərzəliyev (60 kq) isə bürünc medala yiyələnib. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib.
Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa turnirində 72 ölkədən 763 idmançı iştirak edib. Mövsümün son liqası 12 - 14 oktyabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. Milli komanda Vətənə qayıtdıqdan sonra qarşıdakı yarışın hazırlıq məşqlərinə başlayacaq.