Karateçilərin İspaniya sınağı
Böyüklərdən ibarət milli komandanın ikinci heyətinin 6 üzvü 8-12 fevral tarixlərində İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək.
Sportline.az-a AMKF-dən verilən məlumata görə, milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi -75 kq), Pənah Abdullayev (-84 kq) və Fidan Teymurova (-50 kq) var.
İspaniyada bu A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Karate 1 Premyer Liqa turnirinə hazırlıqları davam etdirir.