Kontedən sərt qərar: 4 futbolçunu məşqdən qovdu

"Tottenhem"in baş məşqçisi Antonio Konte 4 futbolçunu - Tanqi Ndombele, Covani Lo Çelso, Serxio Reqilon və Harri Uinksi məşqdən kənarlaşdırıb. 

Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ümumi dəyəri 92 milyon avro olan futbolçular bundan ayrı məşq etməli olacaqlar.

Konte sözügedən oyunçulara məşqdə onlara yer olmadığını söyləyib. Onlara transfer pəncərəsinin sonuna qədər yeni klub axtarmalı olduqları deyilib. 

Ndombele 2019-cu ildə klub üçün rekord məbləğə - 60 milyon avroya transfer edilib. Fransalı yarımmüdafiəçi bu müddətdə 91 oyun keçirib, 9 məhsuldar ötürmə ilə 10 qol vurub. O, son yarım mövsümü icarə əsasında "Olimpik Lion"da keçirib.

Uinks və Reqilon keçən mövsüm Kontenin rəhbərliyi altında oynasalar da, İvan Perişiç və İv Bissumanın gəlişindən sonra italyan məşqçi yeni transferlərə daha çox ümid edir. Bundan başqa, Konte "Vilyareal"da icarə əsasında bir neçə əla matç keçirən argentinalı Lo Çelsoya onun mövqeyində kifayət qədər variantı olduğunu çatdırıb.