Kosovodan 25 il əvvələ

Ötən gecə Kosovoda yaşananlar məni sözün hər iki mənasında kəndimə qaytardı.

Təxminən 25 il əvvələ... Özümə gəlməyim bundan çox vaxt aparacaq yəqin ki.

Xəyallarımın apardığı yerdə isə, qonşumuzun köhnə, sınıq-salxaq bir motosikleti var idi. Kim isə sırımışdı ona.

Muravey adlandırılmasında görkəmindən çox, bəlkə də həddindən artıq yükə tab gətirməyi, zəhmətkeşliyi başlıca rol oynamışdı.

Məhəlləyə girəndə səsindən, gurultusundan ağacda bir dənə quş da qalmazdı.

Bəlkə də, əslində yalnız yüngül işlərdə yardımçı olmağa yarayan muravey, çəkə bilmədiyi yükün ağırlığına etiraz da yox, üsyan edirdi. 

Adəti üzrə yolun yarısında sınıb qalanda, uşaqlarla təkan verib işə saldığımızı da xatırlayıram. Belə hallar dəfələrlə təkrarlanırdı.

Qonşum abırlı insan idi. Bəzən, utandığından kömək istəməyə də üzü gəlməzdi. Ora-burasını döyəcləyə-döyəcləyə, xırda hissələrini dəyişə-dəyişə bir təhər “köhnə dostunun” ayaqda durmasına, saz vəziyyətdə olan muraveyi ilə yanından şütüyüb ötən qonşusundan geri qalmamağa çalışırdı.

Yüngül işlərdə karına gələn dəmir yığını isə, bir balaca ağıra düşəndə onu yarı yolda qoymağından qalmırdı.

Qınamalı da deyildi. Ağır yükə tab gətirəcək halı yox idi sadəcə olaraq. Texnikadan anlayışı olmayanlar günahı zavallı qonşumda görürdülər.  "Əşşi, sürə bilmirsən, sürmə dəə" - deyirdilər.  

Onu hər gün işə salmalı, adam içinə çıxarmalı olan qonşum isə, daha yaxşısına, təzəsinə, onu yolda qoymayacaq etibarlısına layiq insan idi.

Təəssüf ki, çox vaxt belələri layiq olduqlarına həsrət çəkiblər. Haqsız tənəyə, qınağa tuş gələrək, həqiqəti sübuta yetirmək məcburiyyətində qalıblar.

Elə bizim Qurban Qurbanov kimi. Əllər etibarlı olsa da, sükan sınıq-salxağındır.

P.S. Yeri gəlmişkən, həmin muraveyin taleyindən bixəbər qaldım. Qonşum isə, sağ-salamatdır və hazırda layiq olduğu nəqliyyat vasitəsinin sükanı arxasındadır.  

Tural Xudiyev