"Qarabağ"ın doğurduğu sual
Başqasının uğuruna sevinməyin cəhənnəmə, paxıllıq elədinsə, vay sənin halına...Fikir vermisinizsə, elələrinin mənəviyyatını çürüdən xəbislik simalarında, qəlbin aynası olan gözlərində açıq şəkildə əksini tapır. Riyakarlığın diri ikən ölüyə çevirdiyi bədbəxtlərin dərdinə dərman da tapılmadığından hallarına yalnız acımaq qalır.
30 ildən çox siyasi arenada Qarabağa qarşı ikili standartlarla böyüdük. Bu illər ərzində haqqımızı tələb etmək üçün düşmənin düşməndən betər dostlarının da riyakarlığına dözmək məcburiyyətində qaldıq. Çox şükür, sonda ilahi ədalət zəfər çaldı, haqqımızı bərpa etməkdəyik.
Təəccüblü deyil ki, eyni münasibət idman arenasında “Qarabağ”a qarşı bəslənir. Viran qalan Ağdamı, haqq savaşına çıxan Azərbaycanı bacardığından da artıq dərəcədə layiqli, şərəflə təmsil edən bu komanda davamlı olaraq hakim haqsızlığına dözə-dözə, səbrlə, ruhdan düşmədən məqsədə doğru irəliləməkdə, çətinliklə də olsa bunun öhdəsindən gəlməkdədir. Uzun illər yurd-yuvasından didərgin düşənlərin, elə onların dərdinə səmimi qəlbdən şərik olanların da, ümid və qürur mənbəyinə çevrilən “Qarabağ” ardıcıl 9 il Avrokubokların qrup mərhələlərində Azərbaycanı layiqincə təmsil edir, azarkeşlərə əsl futbol həyəcanı yaşadır, imzamızı imzalar içinə çıxarır.
Statistika həvəskarı olmadığımdan, detallara varmağa lüzum görmürəm. Necə deyərlər, hər şey göz qabağındadır. Mübaliğəsiz filansız, “Qarabağ” Azərbaycanın Avropa səhnəsindəki qürur mənbəyidir. Tam əminliklə deyə bilərəm ki, bu həqiqəti “Qarabağ”ın yerli çempionatdakı rəqiblərinin sağlam rəqabət tərəfdarı olan ən qatı azarkeşi də ürəyinin dərinliyində dərk edir, bəlkə də, Azərbaycan futbolu adına minnətdarlıq hissi də bəsləyir. Ən azından, bu komandanın özgəsini yox, məhz özümüzü təmsil etdiyini anladığı üçün.
Bütün bunların fonunda “Qarabağ”ın uğurlarının kimdəsə qıcıq, qərəz, bəzi hallarda hətta nifrət doğurmasının səbəbləri maraqlı gəlir sadəcə. Bu, illərini sevimli komandalarının rəngləri ilə bəzəyən azarkeşlərin rəqabət prizmasından başadüşüləndir və normal qəbul edilə bilər. Amma, azarkeş kütləsindən kənarda olanların “Qarabağ”a nifrətini anlamaq çətindir.
Ötən gecə Almaniyada VAR-a YOX! deyən ikili standart müəlliflərinin haqqımızı tapdalamasına artıq öyrəşmişik. Bəs, aramızda olanlar cılız hisslər naminə haqqı nahaqqın ayağına verməməyi nə vaxt öyrənəcəklər? Axı, bu mənzərə kənardan çox eybəcər görünür...
P.S. Başqasının uğuruna sevinməmək paxıllıq əlamətidir. Paxıl isə, elə bilər ki, qonşusunun ayağı sınsa, o, daha yaxşı yeriyər.