Almanların qəsdən uduzduğu oyunun tarixçəsi
22 iyun hekayəsi
Dünyanın futbolla nəfəs aldığı bu günlərdə çox da uzaq olmayan tarixdə keçirilən bir oyun təkcə almanları, fubol azarkeşlərini yox, ümumiyyətlə, bəşəriyyəti riqqətə gətirmişdi. Ancaq bu oyun stadionda deyil, danışıqlar masasında oynanılan bir oyunun məntiqi davamı idi.
İl 1974. 22 iyun. Futbol üzrə dünya çempionatı. Komandalar meydana çıxır və ardıcıl şəkildə iki himn çalınır. Ancaq himnlər bir-birinin təkrarıdır . Xeyr, orkestr səhv salmayıb. Çünki təkcə himnlər yox, bayraqlar da eynidir. Üz-üzə dayanan iki milli yığma komandanın üzvləri də almanlardır, biri Qərbi, digəri isə Şərqi Almaniya.
İkinci Dünya Müharibəsindən sonra Almaniya ərazisi müvəqqəti olaraq əvvəlcə üç (ABŞ, İngiltərə və SSRİ), sonra isə Fransanın də daxil olması ilə dörd ölkə qoşunlarının nəzarətinə verildi. Ancaq prosesin gedişatında üç ölkənin nəzarətində olan torpaqlar Almaniya Federativ Respublikası (AFR) adı ilə birləşdirildi (dövlətin rəsmi adı indi də, o zaman da AFR olsa da, Almaniyanın 1949-cu ildən 1990-cı ilə qədər olan dövrünü ifadə etmək üçün Qərbi Almaniya ifadəsi işlədilir). SSRİ isə buna qarşı çıxaraq bir ay sonra nəzarətində olan ərazidə sosialist Almaniyanı (ADR) qurdu. Artıq mövcud olmayan ADR ədəbiyyatda “Şərqi Almaniya” kimi xatırlanır.
Oyunun Almaniyanın SSRİ-yə müharibə elan etdiyi gün keçirilməsi də tarixin acı zarafatlarından biri idi və sanki qələbədən 29 il sonra da müharibə davam edirdi.
Qərbi Almaniya rəsmi adı ilə turnirin ev sahibidir. Bu ayrılıq illərində Qərbi Almaniyada 1954-cü ildə ilk dünya çempionluğunu qazanıb və dünya futbolunun ən güclü komandalarından biridir. Bu turnirdə onların qarşısına dünya çempionu olmaq məqsədi qoyulub . Şərqi Almaniya (ADR) isə ik dəfədir ki, dünya çempionatına vəsiqə qazanıb. Bu sevinci doyunca dadmayan şərqlilər püşkatmadan sonra qan qardaşları ilə eyni qrupa düşməyin həyəcanına qapıldılar.
AFR ADR-i müstəqil dövlət kimi tanımır. Üstəlik, hər il ADR-dən nə qədər adam Berlin divarını aşaraq AFR-ə qaçır. Ölkələr arasında ziddiyyətlər pik səviyyədədir. ADR xüsusi xidmət orqanı AFR-də gərgin iş aparır. Və bu böyük oyuna cəmi ikicə ay qalmış AFR kanslerinin müşavirinin Sovet Almaniyasının casusu olduğu üzə çıxır. Əsəblər yenidən gərilir. ADR hətta çempionatdan imtina etmək istəyir, ancaq FİFA-nın sərt embarqolarından çəkindiyi üçün bu addımı atmır. Nəyin bahasına olursa olsun komanda AFR-ə qalib gəlməlidir. AFR isə dünyanın ən güclü komandasıdır.
Böyük oyun qabağı isə turnir cədvəlində son dərəcə mürəkkəb bir vəziyyət yaranıb. Qrupdakı son oyunlarda üzbəüz gələn AFR və ADR bu oyuna qədər qrupdan çıxmağı təmin edib. Oyun qrup birincisini müəyyən edəcək. Ancaq burda bir əmma var. Qrupu birinci yerdə bitirən komanda növbəti turda Hollandiya, Braziliya və Argentina ilə eyni qrupda yer almalıdır.
Oyun başladı və Qərbi Almaniya əvvəlki heç bir oyunda olmadığı qədər dişsiz oyun göstərirdi. Komanda birinci hissədə heç bir qol vəziyyəti yarada bilmədi. Komandanın kapitanı əfsanəvi Bekkenbauer son “iyirmi dəqiqəyə qədər qol vurmağa çalışacağıq, vura bilməsək son iyirmi dəqiqəni müdafiə olunacağıq” deyirdi. Ancaq bu, mümkün olmadı. Oyunu üstün keçirən Şərqi Almaniya 78-ci dəqiqədə Sparvasserin qolu ilə önə keçdi və sona qədər bu nəticə dəyişmədi.
Matçda sonra Sparvasserlə formasını dəyişən Breytnerin dediyi söz yaddaşlarda qaldı: “İlk iki oyunda oynadığımız kimi oynasaydıq belə, yenə də məğlub olacaqdıq”.
Həm turnirin favoriti, həm də ev sahibi olduqlarına görə media Qərbi Amaniya futbolçularını amansızlıqla tənqid etdi. Ancaq heç kimin etiraf etmədiyi bir həqiqət də vardı. Alman xalqı bu məğlubiyyəti qətiyyən ürəyinə salmamışdı və hətta deyəsən, bir az məmnun da qalmışdı. Hər necə olsa Şərqi Almaniya üçün minimal qələbə tarixin ən böyük uğuru idi və bu uğuru onlara öz doğma qardaşları öz əlləri ilə ərmağan etmişdi. Ancaq Qərbi Almaniyanın üzərinə qoyulan vəzifə böyük idi. Növbəti mərhələni uğurla başa vuran AFR futbolçuları dünya kubokunu başları üzərinə qaldırdılar. Şəksiz ki, bu qələbəyə şərqi almaniyalılar onlar qədər sevinmişdi. ADR növbəti mərhələdə mübarizəni dayandırsa da, əslində hamı istədiyini almışdı, AFR kuboku, ADR isə AFR üzərində qələbəni...
Futbol tarixinin ən müəmmalı sualı da budur: Qərbi almanlar bilərəkdənmi məğlub olmuşdular? Bu sual hələ də öz aktuallığını qoruyur. Və yəqin ki, heç bir zaman da gerçək üzə çıxmayacaq. Nitsşenin dediyi kimi,özümüzə də etiraf edə bilmədiyimiz sirlərimiz var. Bu oyun da həmin o sirlərdən biri idi. Əslinə baxsan şərqlilər də qələbədən bir o qədər məmnun qalmamışdılar. Bu barədə növbəti abzasda...
Yeganə qolun müəllifi olan Sparvasser Şərqi Almaniyada qəhrəman kimi qarşılandı. Onu ev və maşınla mükafatlandırdılar. O hökumət nəzdində ADR futbol tarixinin ən böyük simvoluna çevrildi. Ancaq qələbədən 14 il (1988) sonra AFR-də veteran futbolçuların oyunundan sonra ADR-ə qayıtmadı və bir anda bu böyük qəhrəman vətən xaininə çevrildi. Sparvasser etiraf edirdi ki, vurduğu qola görə ona ADR-də tənə edənlər də az olmayıb.
1990-cı ildə İtaliyada keçirilən dünya çempionatında Qərbi Almaniya üçüncü dəfə kuboku başı üzərinə qaldırdı. Həmin çempionatın final oyununa Maradonanın göz yaşları damğasını vurmuşdu. Ancaq bu, Qərbi Almaniyanın son çempionluğu oldu. Belə ki, qələbədən heç 100 gün keçməmiş Şərqi və Qərbi Almaniya Almaniya Federativ Respublikası adı altında birləşdi.
Müəmmalı və kədərli oyun isə 22 iyun 1974-cü ildə baş tutmuşdu. Bir də o komandalar üz-üzə gəlmədi. Və bundan sonra da gəlməyəcəklər. Xoşbəxtlik də elə budur.
Qan TURALI