Lars Olsen: "Bizə qarşı oynamış komandalar arasında ən yaxşısı Kosovo idi"
"Çox yaxşı məşqlərimiz oldu. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbirsizliklə gözləyirik. Azərbaycanla bir ay öncə qarşılaşdıq və 0:3 hesabı ilə uduzduq. Kobud səhvlərə yol verdik. Nəticədə rəqib bizi cəzalandırıdı. Azərbaycan yaxşı komandadır. Lakin qalib gələcəyimizə inanırıq".
Sportline.az xəbər verir ki, bunu Farer adalarının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
57 yaşlı danimarkalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.
- Azərbaycana tez - çərşənbə axşamı gəlməyiniz nə ilə bağlıdır?
- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlmıyimiz bura uyğunlaşmaq üçündür. İlk matçda uduzsaq da bərabər oyun getdi. Bu dəfə də elə olacaq.
- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?
- Mən heç bir "11-lik" elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyyülünün məhsuludur.
- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsız?
- Elə deməzdim. Onlar çox sakitdir. Emosianal halımız eynidir.
- İlk matçda niyə mətbuat konfransına gəlməmişiniz? Sabah da uduzsaz, sizi gözləyək, yoxsa yox?
- Xeyr, bu baş verməyəcək. Nəticədən aslı olmayaraq burada olacağam.
- Qrupun favoriti Kosovodur, yoxsa Azərbaycan?
- Əlbəttə, kapitanımız kimi Farer adalarını qeyd etmək istərdim. Amma belə deməyəcəyəm. Bizə qarşı oynamış komandalar arasında ən yaxşısı Kosovo idi.