Levandovski Ronaldunun göstəricisini təkrarlayıb, Müllerin rekordunu qırıb
Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.
Sportline.az xəbər verir ki, polşalı forvard buna evdə "Volfsburq"u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın XVII tur matçında fərqlənməklə nail olub.
Qarşılaşmanın 87-ci dəqiqəsində rəqib qapısına yol tapan 33 yaşlı hücumçu bir təqvim ilində bütün turnirlər daxil olmaqla 69-cu qolunu vuraraq portuqaliyalı oyunçuya çatıb. Bu il ölkə çempionatında qollarının sayını 43-ə çatdıran Levandovski Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müllerin 1972-ci ildəki rekordunu (42 qol) yeniləyib.
Qeyd edək ki, bir təqvim ilində vurulan qolların sayına görə rekord hazırda Fransa PSJ-sinin formasını geyinən Lionel Messiyə məxsusdur. Argentinalı forvard 2012-ci ildə İspaniya "Barselona"sında oynayarkən 91 qol vurmuşdu.