Maksim Medvedev: "Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etdik"

"Bu, ən çətin və ən maraqlı mövsüm oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq. Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz isə az oldu. Ona görə də sonadək vuruşa bildik. Konfrans Liqasında tarix yazdıq və Azərbaycan çempionu olduq. Ölkə kubokunu da qazanmaq istəyirik. Ötən il alınmadı. Bu il Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etməyə çalışdıq. Fikrimcə, bizdə alındı. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq".

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı futbolçu bildirib ki, Çempionlar Liqasında uğurlu çıxış etmək üçün ilk növbədə yaxşı təlim-məşq toplanışı keçmək lazımdır: "İnanıram ki, harada oynayacağımızı uşaqlar da dərk edir. Orada səhv etməyə haqqımız yoxdur. Azarkeşlərimizi sevindirmək və daha da irəli getmək istəyirik. Baş məşqçi ilə də söhbətimiz olub. İndidan bunu düşünməliyik. Çempionlar Liqasında oynamaq hər komandaya nəsib olmur. Klubumuzun adını daha da yüksəltmək üçün bundan maksimum istifadə etməliyik".