Mayk Taysonla Lennoks Lüis yenidən üz-üzə gələ bilər

Boks əfsanələri Mayk Taysonla Lennoks Lüis pərəstişkarlarını sevindirə bilər.

Sportline.az xəbər verir ki, veteran idmançıların yenidən rinqdə üz-üzə gəlmək perspektivi var.

Bu haqda Lennoks Lüis məlumat yayıb. Britaniyalı boksçu Taysona revanş imkanı vermək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, yekun qərar Taysonun Ceyk Polla qarşılaşmasından sonra qəbul olunacaq.

Həmin qarşılaşma noyabrın 16-da Arlinqtonda (ABŞ) keçiriləcək.

"Gəlin, əvvəlcə Maykın bu döyüşdə hansı vəziyyətdə olduğunu görək. Ondan sonra qəti qərar vermək olar", - deyə Lüis "TMZSports"a açıqlamasında fikrini bildirib.

Qeyd edək ki, Taysonla Lüis son dəfə rinqdə 2002-ci ildə üz-üzə gəlmişdi.

Həmin döyüşdə britaniyalı boksçu rəqibini 8-ci raundda nokauta göndərmişdi.

Ümumilikdə Lennoks Lüis peşəkar rinqdə keçirdiyi görüşlərin 41-də qələbə çaldığı halda, iki dəfə məğlub olub, bir döyüş isə heç-heçə nəticələnib.

Aktivində 50 qələbə olan Mayk Tayson isə, 6 döyüşdə məğlubiyyətlə barışıb.