Milli komandamız ciddi sınaq qarşısında
Martın 1-də Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından olan A seriyası turniri start götürüb.
Azərbaycan Milli Karate Federasiyasından Sportline.az saytına verilən məlumata görə, turnirdə Azərbaycan milli komandasının əsas üzvlərindən doqquz idmançı mübarizəyə qoşulub. Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadın idmançıların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Ayxan Mamayev (84 kiloqram), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq) güclərini sınayacaqlar. Qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) yarışlarda mübarizə aparacaqlar.
Yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Cahangir Babayev təmsil edəcək.
Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın birinci günündə, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska isə martın 2-də yarışacaqlar. Bütün çəki dərəcələrində mükafat görüşləri martın 3-də keçiriləcək.
Martın 3-dək davam edəcək turnirə rekord sayda - 99 ölkədən 2057 karateçi qatılıb.