Millimiz bu yarışlara qatılacaq

Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, Macarıstan paytaxtı mərhələni oktyabrın ikinci yarısında qəbul edəcək. 2021-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkil olunacağı Yaponiya paytaxtında bu mərhələ dekabrda olacaq. Qətərində paytaxtında isə yarış 2021-ci ilin əvvəlində nəzərdə tutulub. 

Bütün turnirlərin zəruri epidemioloji ehtiyat tədbirlərinə riayət etməklə keçiriləcəyi bildirilib. Təşkilatçılar isə istənilən ölkədən iştirakçıları qəbul etməyə hazırdırlar. 

Hər üç yarış Tokio olimpiadasına lisenziya xarakterli olacaq. Tokio Yay və Paralimpiya Oyunları 2021-ci il  23 İyul - 8 avqustda gerçəkləşəcək.

Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu, lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.