Millinin baş məşqçisi Olimpiya çempionu ola biləcək boksçuların adlarını açıqlayıb

"Düşünürəm ki, Məsud Yusifzadə, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Alfonso Dominqes, Nəbi İsgəndərov, Malik Həsənovun Olimpiya çempionu olmaq şansı var".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə müsahibəsində kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro Roke deyib.

Təcrübəli mütəxəssis yığmada hər şeyin plan üzrə getdiyini açıqlayıb. Onun sözlərinə görə, boksçular əvvəlki səviyyələri ilə müqayisədə daha yaxşı formadadırlar və beynəlxalq turnirlərdə iştirak zamanı yetişib: “Artıq 3 aydır ki, məşqlərə başlamışıq. Bu komanda 2021-ci ildə dünya çempionatında iştirak edib. Mundialdan sonra boksçular heç bir turnirə qatılmayıblar. Təcrübə üçün yarışlara qatılmaq vacibdir. Paris-2024 Yay Olimpiya Oyunlarına təxminən 2 il vaxt qalıb. Düşünürəm ki, bir müddət öncə boksçuların məşq üçün motivasiyaları yox idi. Hazırlıq səviyyələri də bir az aşağı düşmüşdü. Buna baxmayaraq, məşqlərimizi davam edirik, boksçularımızın performansında ciddi şəkildə artım var. Tapşırıqları çox yüksək səviyyədə yerinə yetirirlər”.

Roke bildirib ki, avqustun sonundan yığma 2 komandaya bölünməklə yarışlarda mübarizə aparacaq: “Olimpiya çəki dərəcələrində 9 boksçu ilə ABŞ-a yollanırıq. Orada öncə təlim-məşq toplanışı keçəcək, ardınca yarışda onların gücünü yoxlayacağıq. Qeyri-olimpiya çəkilərində isə əsas heyət üzvləri Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər. Bu yarışlar avqustun sonu – sentyabrın əvvəlində olacaq. Bundan sonra hazırlıqları davam etdirəcəyik”.

Müəyyən müddətdən sonra Azərbaycan çempionatına titulundan asılı olmayaraq bütün boksçular qatılacaqlar. Kubalı mütəxəssisin sözlərinə görə, bu, Olimpiada öncəsi çox böyük önəm kəsb edir: “Ölkə çempionatında bir nömrəli boksçuları müəyyənləşdirəcəyik. Oktyabra planlaşdırdığımız çempionatda bütün liderlər döyüşməlidirlər. Həmin vaxt 2023-cü ildə Olimpiya təsnifat turnirlərinin vaxtı da bəlli olacaq. Gələn il həmçinin yüksək səviyyəli yarışlardan Polşada Avropa Oyunları və Özbəkistanda dünya çempionatı keçiriləcək. Bu turnirlərdə də iştirak edəcəyik. Bizim üçün daha əhəmiyyətli yarış isə lisenziya xarakterli turnirlər olacaq. Federasiyasının dəstəyini görürük. Azərbaycan çempionatı bitdikdən sonra bizim uzunmüddətli planlarımız bəlli olacaq. Əsas hədəfimiz Paris-2024-də Azərbaycan boks tarixində ilk Olimpiya “qızıl”ını qazanmaqdır. Biz Rio-2016-da Lorenso Sotomayorla bu uğuru əldə etməyə yaxın olduq. Həmin vaxt hakimlərin haqsız qərarı ilə üzləşdik. Bu səbəbdən də qızıl medal əldə edə bilmədik. Azərbaycan Prezidenti cənab İlham Əliyev bizimlə görüşdə mənə dedi ki, həmin gümüş medalı qızıl kimi qiymətləndirir. Biz növbəti Olimpiadada çempionluq üçün mübarizə aparmalıyıq. Elə hazırlaşmalıyıq ki, hakimlər göyə bizim əlimizi qaldırsın. Düşünürəm ki, Məsud Yusifzadə, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Alfonso Dominqes, Nəbi İsgəndərov, Malik Həsənovun Olimpiya çempionu olmaq şansı var. Digər gənc boksçularımız da bunun öhdəsindən gələ bilərlər. Onlar çox həvəslə hazırlaşırlar. Bunu reallaşdırmaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Daha güclü hazırlaşacağıq ki, bu hədəfimizə nail olaq”.

2014-2016-cı illərdə də yığmanı çalışdırmış Roke həmin dövrlə indiki komandanı müqayisə edib. Onun sözlərinə görə, ilk gəlişində də millinin üzvləri indiki səviyyədə olub. Amma həmin boksçular WSB-də döyüşdüklərindən və bir çox yarışlara qatıldıqlarından, təcrübə baxımından fərqləniblər. Bu da hazırkı yığmanın əksəriyyətini gənclərin təşkil etməsindən irəli gəlir.

Pedro yığmanın cavanlaşdığını və bu səbəbdən də milli üzvlərinin hər birinin Olimpiya medalına həvəsli olduğunu vurğulayıb. O, müqaviləsinə əsasən tək əsas komandaya deyil, bütün yaş qruplarına nəzarət edir. Kubalı mütəxəssis Azərbaycan komandalarının son yarışlarda qazandığı uğurun əsas yığma üçün gözəl təməl olduğunu deyib: “U-22-də Avropa çempionu olan Nicat Hüseynov, finalçı Ruslan Qurbanov, mükafatçılar Nəbi İsgəndərovla Cəlal Qurbanovu komandamıza çağırmışam, bizimlə məşq edir. Hüseynovu avqustun sonunda özümüzlə ABŞ-a da aparacağam. O, çox istedadlı və perspektivlidir. Digər yaş qruplarına gəlincə, onlarla da görüşəcəyəm. Məşqçilərə və boksçulara öz məsləhətlərimi verəcəyəm. Dünya çempionatına hazırlaşan gənclərdən ibarət yığmanın məşqlərini izləyirəm. Elbrus Rzayevin rəhbərliyi altında necə hazırlıq keçdiyini görürəm. Onları izləmək üçün əsas komandanın məşqindən tez gəlirəm ki, gənclərin hazırkı səviyyəsinə diqqət edim. Ən yaxşı qadın boksçularımız isə kişilərlə birgə məşq edirlər. Bir qədər əvvəl məktəblilər arasında Azərbaycan birinciliyini də hər gün izlədim. Bütün yaş qruplarına maksimum nəzarət etməyi, məsləhətlərimi verməyə çalışacağam. Əsas hədəfimiz isə Olimpiya medalı qazanmaqdır”.

Baş məşqçi Paris-2024-də mükafatçılar sırasında yer almağın çətin olacağını, lakin bunu bacaracaqlarına əmin olduğunu qeyd edib: “Bu, ən çətin Olimpiadalardan biri olacaq. Çünki çəki dərəcələrini azaldıblar. Amma yarışa nəzarəti Beynəlxalq Olimpiya Komitəsi edəcək. Çalışırlar ki, döyüşlərin gedişində haqsız qərarlar verilməsin, bunun qarşısını maksimum alsınlar. 7 çəki dərəcəsi çox çətindir. Maksimum çalışır, hər gün məşq edirik ki, bunun öhdəsindən gələk”.

Azərbaycan millisi məhz Pedro Rokenin rəhbərliyi altında Olimpiadada tam heyətlə təmsil olunub. Rio-de-Janeyro-2016-ya 10 boksçu ilə qatıldığını xatırladan mütəxəssis Paris-2024-ə də maksimum lisenziya qazanmaq üçün mübarizə aparacaqlarını vurğulayıb: “Alfonso Dominqes, Məhəmməd Abdullayev, Malik Həsənov, Sərxan Əliyev lisenziya qazana bilərlər. 51 kq çəki dərəcəsində Nicat Hüseynov və Məsud Yusifzadə də bunu bacaracaq gücdədir. Azərbaycan çempionatında Rüfət Hüseynova da baxmalıyıq. 57 kq və 80 kq çəki dərəcələrində buna nail olmaq üçün bir qədər çox işləmək lazımdır. Əlbəttə, məqsədimiz maksimum – 7 lisenziya qazanmaqdır. Çünki bu halda Parisdə daha çox medal qazanmaq şansımız olacaq. 2016-da Rioda bütün heyətlə lisenziya qazanmışdım. Bu, Azərbaycan boks tarixində ilk idi”.