MOK-un Atletlər Komissiyası “Qəhrəmanların varisləri” layihəsinə start verib

Noyabrın 21-də Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri'' adlı layihəyə start verib.

Sportline.az xəbər verir ki, bu münasibətlə təşkil edilən tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin rəhbəri Mehman Kərimov aprelin 9-dan yeni tərkiblə fəaliyyətə başlayan Atletlər Komissiyasının ilk layihəsinin məhz şəhid və qazi ailələrinin övladlarına - Qəhrəman varislərinə həsr olunmasını yüksək dəyərləndirib. O Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov, komissiyanın üzvlərindən olan taekvondoçu Fəridə Əzizova və güləşçi Rəsul Çunayevin (yunan-Roma güləşi) şəhid və qazi övladlarını təmsil etdikləri idman növləri ilə tanış etməklə yeni gözəl bir ənənənin əsasını qoyacaqlarını qeyd edib. Mehman Kərimov bugünkü görüşdən sonra uşaqlar arasında cüdo, taekvondo və güləş idman növü haqda fikir formalaşacağının və onların həvəsli olduğu idman növü ilə mütəmadi məşğul olmağa imkan yaranacağını da qeyd edib. İdmana həvəsin məhz uşaq yaşlarından formalaşmasının vacibliyini vurğulayan Mehman Kərimov bu gözəl təşəbbüsə qoşulan “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib və tədbirin keçirilməsi üçün əlverişli şərait yaratdıqlarını xüsusi vurğulayıb. “Sərhədçi “ İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, polkovnik-leytenant Firdovsu Umudov Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi qələbədə payı olan hər bir şəhid və qazi övladının Azərbaycan xalqı üçün əziz olduğunu deyib: “Məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş şəhid, qazi bacı- qardaşlarımızın övladları dünya idman arenalarında dalğalandıra bilər”.

Firdovsi Umudov təmsil etdiyi qurumun bunun üçün hər bir dəstəyə hazır olduğunu vurğulayıb.

Atletlər Komissiyasının sədri Rüstəm Orucov isə öz növbəsində bildirib ki, komissiyanın ilk layihəsinin məhz idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına həsr olunmasından xüsusi qürur hissi duyur. “Yaşat” Fondunun dəstəyindənn də danışan Rüstəm Orucov belə layihələrin davamlı olacağını da vurğulayıb. Komissiya sədri idmançı dostları Hacı Əliyev (sərbəst güləş) , Cəbrayıl Həsənov (sərbəst güləş) və İlqar Müşkiyevin (cüdo) dəstəyini də yüksək qiymətləndirdiyini qeyd edib. Daha sonra uşaqlar Rüstəm Orucov ilə cüdo, Fəridə Əzizova ilə taekvondo, Rəsul Çunayevlə isə güləş idman növü ilə tanış olublar. Uşaqlar fərqli idman növünə aid məlumatları dinləməklə yanaşı, həmçinin göstərilən fəndləri yerinə yetirməyə çalışıblar. Atletlər Komissiyasının üzvləri uşaqların suallarını cavablandırıblar.

“Sərhədçi” İdman Olimpiya Mərkəzinin muzeyi ilə tanış olan iştirakçılara MOK-un hədiyyələri də təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov, üzvləri Sabina Kərimova (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-Roma güləşi) və Fatimə Alkərəmovadır (üzgüçülük).