"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

"Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu".

Sportline.az xəbər verir ki, bunu Fransa "Nant"ının futbolçusu Jan-Şarl Kastelletto Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Kamerunlu müdafiəçi ikinci yarıya yaxşı başlamadıqlarını bildirib: "Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik".

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.