"Napoli"dən Pirr qələbəsi

Pirr qələbəsi — əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə...

Daha bir tarixi hadisənin astanasındayıq... Söhbət "Napoli"dən gedir. Neapol təmsilçisi bu mövsüm istər Çempionlar Liqasında, istərsə də çempion olduğu A Seriyasında fantastik çıxış etdi. Ardıcıl qələbələr və qələbələrdə pay sahibi olan - ulduzlaşan futbolçular... Bütün bunlar şikarını (transferini) gözləyən ac qurdların (nəhəng klublar) kompasının oxunu Neapola çevirdi.

Kim, Osimhen təhlükəsi

Artıq hegemon klublar qollarını çırmalayıblar. "Fənərbağça"da ulduzu parlayan müdafiəçi Kim Min Je yayda zəngin tarixi, mədəniyyəti və mətbəxi ilə məşhur olan füsunkar Neapolla vidalaşa bilər. Bunun üçün cibdən 46 milyon avro çıxarmaq yetərlidir. Daha dəhşətlisi isə "Napoli"nin və İtaliya çempionatının bombardiri - 23 qolla yadda qalan Viktor Osimhenin yayda yada getmək ehtimalıdır. "Mançester Yunayted", PSJ, "Çelsi", "Bavariya" kimi klublar artıq nigeriyalı hücumçuya görə çempionun qapısını döyür. Amma "Napoli" bu qapını elə belə yox, yalnız 150 milyon avroluq təklifə görə aça bilər. Bu futbolçuların gedişinin İtaliya klubuna təsirini zaman göstərəcək.

Spalletti - Qvintoli zərbəsi

"Napoli"nin fantastik çıxışının əsas memarı isə sözsüz ki, baş məşqçi Luçano Spallettidir. Ya da "Spalletti idi" desək, daha düzgün olar. Klub prezidenti Aurelio De Laurentislə münasibətləri pozulan təcrübəli mütəxəssis təcrübəsini təlqin etmək üçün başqa yol fikirləşir. Komandadan ayrılacağını bəyan edən baş məşqçi gələn mövsüm istirahət edəcəyini açıqlayıb. Komandaya növbəti zərbə isə klubun idman direktoru Kristiano Qvintolidən gəldi. Xviça Kvaratsxeliya kimi əjdahanı "Napoli"yə qazandıran Qvintoli artıq "Yuventus"da "o əjdahadan niyə bizdə yoxdur?!" deyəcək. Çünki, gələn mövsümdən Kristiano Qvintolinin "Yuventus"a keçəcəyi bildirilir.

Qulam Mirzə

Banner