Nizami Paşayev üçqat dünya çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev üçqat dünya çempionu adını qazanıb.

Sportline.az xəbər verir ki, karyerasını başa vurmuş titullu idmançı buna 10 ildən sonra nail olub.

Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəzlənib. Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimiz Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Sedov 8 il müddətinə diskvalifikasiya olunub və onun 2016-cı ilədək olan bütün nəticələri ləğv edilib.

Artıq bu dəyişiklik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında da əksini tapıb.

Beləliklə, Paşayev birinci pilləyə qalxıb və Azərbaycanın ağırlıqqaldırma idmanı tarixində 3 qat dünya çempionu adını qazanmış ilk idmançısı olub.

Qeyd edək ki, Nizami Paşayev 2002 və 2005-ci illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var. Bununla yanaşı, Paşayevin dopinq-testi müsbət nəticə verdiyi üçün 2006-cı il Avropa çempionluğu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı nəticəsi (5-ci yer) ləğv olunub.