"Norway Chess": Məmmədyarov uddu, Rəcəbov uduzdu
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti görüşlərini keçiriblər.
Sportline.az xəbər verir ki, Rəcəbov III turda qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb.
Məmmədyarov isə "ağlar"la bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. Duelin əsas partiyası "sülh"lə bitib. Belədə reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Burada Məmmədyarov rəqibini üstələyib.
Beləliklə, xalını 4-ə çatdıran Məmmədyarov hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 1,5 xalı olan Teymur sonuncu - onuncu yerdədir. Sıralamaya 7,5 xalla Vişvanatan Anand (Hindistan) başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5, 1:0
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Aniş Giri (Niderland) - Uesli So (ABŞ) 0,5:0,5
Aryan Tari (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) 0:1
Vişvanatan Anand (Hindistan) - Van Hao (Çin) 0,5:0,5