"Norway Chess": Məmmədyarovdan növbəti qələbə, Rəcəbov uduzdu
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçiriblər.
Sportline.az xəbər verir ki, Məmmədyarov V turda ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Görüşün əsas partiyası 47-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Belədə reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Burada Məmmədyarov rəqibinə qalib gəlib.
Rəcəbov isə "qaralar"la niderlandlı Aniş Giri ilə qarşılaşıb. Matç 40-cı gedişdə rəqibin üstünlüyü ilə bitib.
Beləliklə, xalını 8,5-ə çatdıran Şəhriyar So ilə 3-4-cü pillələləri bölüşdürür. Üç xalı olan Teymur doqquzuncu yerdədir. Sıralamaya 10 xalla hindistanlı Vişvanatan Anand başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
V tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Uesli So 0,5:0,5, 1:0
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Maksim Vaşye-Laqrav (Fransa) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5, 1:0
Aryan Tari (Norveç) - Van Hao (Çin) 1:0
Vişvanatan Anand (Hindistan) - Maqnus Karlsen (Norveç) 0,5:0,5, 1:0