İdmançılarımızın Tokio sərgüzəştləri - YEKUN
İdmançılarımız daha bir çətin və ciddi sınağı başa çatdırdı.
Sportline.az xəbər verir ki, söhbət Yaponiyada keçirilən 2020-ci il Yay Olimpiya Oyunlarından gedir.
Ötən il təşkil edilməli olan, amma pandemiyaya görə təxirə salınan bəşəri idman tədbirinə maraq bəlkə istənilən səviyyədə deyildi. Lakin bu, mübarizə gərginliyinə qətiyyən əngəl ola bilmədi. 32-ci idman bayramında 205 ölkənin idmançıları bacarıqlarını nümayiş etdirdi. Bütün dünya onların 339 dəst medal uğrunda necə gərgin mübarizə apardığının şahidi oldu.
Olimpiadada 44 idmançı ilə çıxış edən ölkəmizin atletləri gündoğar diyarda 7 dəfə fəxri kürsüyə qalxdı. İlk mükafat cüdodan gəldi. Bu uğura 78 kq-dan yuxarı çəki dərəcəsində qadın cüdoçumuz İrina Kindzerska nail oldu. Bürünc medal uğrunda qarşılaşmada 30 yaşlı idmançı çinli tatami ustasını ipponla məğlub etdi. Bu nailiyyətin bir özəlliyi də o oldu ki, Kindzerska Azərbaycana ilk olimpiya medalı qazandıran qadın cüdoçu kimi adını idman salnaməmizə yazdı.
Boksda da olimpiya millimiz mübarizəni 1 medalla tamamladı. Manevr rəngarəngliyi ilə diqqət çəkən Alfonso Dominges mübarizəyə 1/8 finaldan qoşuldu. Ardıcıl 2 rəqibini məğlub edən dəri əlcək ustamız yarımfinala yüksəldi və qaydalara əsasən bununla da ən azı bürünc medalı təmin etdi. Amma 26 yaşlı boksçumuz finala gedən yolda güclü kubalı rəqibilə bacara bilmədi. Bununla belə, Dominges həm idmansevərlərin rəğbətini qazandı, həm də Azərbaycan komandasının hesabına daha bir mükafat əlavə etdi.
Gimnastika, takevondo, atletika, atıcılıq, üzgüçülük, triatlon, qılıncoynatma, badminton, velosiped idmanı və çəkicatma növlərindəki təmsilçilərimiz isə mükafatçılar sırasına düşə bilməyərək, mübarizəni erkən dayandırdılar. Əsas medal ümidlərimiz isə təbii ki, güləşçilər idi və onlardan təkcə medal qazanmaları deyil, çempion olmaları gözlənilirdi. Pəhləvanlarımız arasında ilk mükafatı Rafiq Hüseynov qazandı. 33 yaşlı güləşçimiz 77 kq çəkidə bürünc medala yiyələndi. Rafiq 3-cü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Karapet Çalyanı məğlubiyyətə uğratdı. İdmançıya yaraşmayan hərəkətlərilə diqqət çəkən, kobudluq edən, hətta hakimlərin obyektiv qərarına haqsız etiraz edən erməni güləşçi meydanda susduruldu. 4:1 üstün olan Rafiq Hüseynovun sayəsində olimpiya yığmamızın medal ehtiyatı 3-ə yüksəldi. Bu, həm də təcrübəli pəhləvanımızın karyerasında ilk olimpiya medalı idi.
Azərbaycan idmançıları 32-ci yay olimpiadasının son yarış günlərində daha 4 medal əldə etdilər. Karateçimiz Rafael Ağayev qrup mərhələsində 4 rəqibindən 3-nü məğlub edərək yoluna davam etdi, yarımfinalda da qalib gələrək finala yüksəldi. Əfsuslar olsun ki, həlledici yekun sözünü qalibiyyətlə deyə bilməyən Rafael Ağayev olimpiya oyunlarını gümüş medalla bitirməli oldu.
Qadın karateçimiz İrina Zaretska da olimpiya çempionluğunun bir addımlığına kimi inanmla irəlilədi. Lakin o da həlledici qarşılaşmada büdrədi və Rafael kimi, fəxri kürsünün yalnız gümüş pilləsinə yüksələ bildi.
Güləşçimiz Hacı Əliyev də inamlı çıxış etdi. Rəqiblərini bir-bir məharətlə mübarizədən kənarlaşdıran pəhləvanımız finala çıxdı. Həlledici məqamda yerli güləşçi ilə üz-üzə gələn Hacı Əliyev sona 20 saniyə qalmış qalib tərəf idi, amma fənd işlədərkən əks fəndə düşən pəhləvanımız 3 xal geri düşdü. Bununla belə o, fərqi minimuma endirdi, təəssüf ki, bundan artığını etmək mümkün olmadı və Hacı Əliyev, özünün də vurğuladığı kimi, bəlkə onun üçün sonuncu olacaq olimpiadada çempionluq hədəfinə yetişə bilmədi.
Olimpiadanın bitməsinə 1 gün qalmış təmsilçilərimiz daha bir medalayenə güləşdə nail oldu. Çempionluq istəyinin üstündən bu dəfə də yaponiyalı güləşçinin xətt çəkdiyi Mariya Stadnik bürünc uğrunda mübarizədə rəqibini 10:0 hesabı ilə məğlub edərək 3-cü nəticə göstərdi.
Beləliklə, Azərbaycanın olimpiya komandası Tokio-2020 mübarizəsini 7 medalla yekunlaşdırdı – 3 gümüş, 4 bürünc. 1996-cı il Atlanta olimpiadasından sonra ilk dəfə ən böyük idman yarışını qızıl medalsız başa çatdırdıq. Son 25 ilin statistikası göstərir ki, atletlərimiz 4 illiyin zirvə yarışında bunadək əvvəlki yarışlardakı nəticəni yaxşılaşdırmaqla çıxış edib.