Parisdə çempion olan Balabəy: "Qızıl" təsəvvür etməmişdim"

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin qalibi Balabəy Ağayevin Fanat.Az-a müsahibəsi. 

- Karyeranızda ikinci dəfə "Dünya Turu" seriyasından olan turnirə qatılmışdınız. İlk nailiyyətiniz də kifayət qədər nüfuzlu bir turnirə - Paris "Böyük Dəbilqə"sinə təsadüf etdi. Hisslərinizi bölüşərsiniz.

- Vətənə medalla dönəcəyimə inanırdım, amma sözün açığı, "qızıl" təsəvvür etməmişdim. Çox xoşbəxtəm ki, Allah bu günü mənə qismət elədi. Daha böyük uğurlara imza atmaq, Olimpiya, dünya, Avropa çempionu olmaq istəyirəm.

Qıraqdan hər şey asan görünə bilər. İdmançını ancaq idmançı başa düşür. Çəkilən əziyyətlər, üzücü məqamlar... Çempion olarkən hər şey gözümün önündən keçdi.

- Yarış ərzində dörd görüş keçirdiniz. Aralarında hansını xüsusi qeyd edirsiniz?

- Ən çətin görüşüm ilk mərhələdəki fransalı rəqibimlə oldu. Çox ağır, 8 dəqiqəlik görüş keçdi. İki "şido" xəbərdarlığım var idi. Özümü toplayıb "qızıl xal" da qələbə qazana bildim. Ondan başqa, Monqolustan cüdoçusu ilə qarşılaşma da gərgin alındı.

- Bizdə olan məlumata görə, Paris turniri üçün heyətə daxil edilməyiniz çək-çevirli olub. 60 kiloqram çəki dərəcəsində başqa cüdoçumuzun Fransa paytaxtına yollanması üstündə fikir ayrılığı yaranıb. Belədə qələbə sizin üçün ikiqat əhəmiyyət kəsb etməlidir...

- Bəli. Mənə güvənənlərin hamısına minnətdaram. Çox sağ olsunlar ki, belə bir yarışda özümü göstərmək şansı verdilər.

 2 il olar ki, yarış güləşmirdim. Pandemiya oldu, ardınca hərbi xidmətə yollandım. Amma məşqçilərin sayəsində qısa vaxtda formaya düşdüm. 2 ay demək olar dayanmadan hazırlıq keçmişdik.

- Paris turniri "Böyük Dəbilqə" adlanandan Azərbaycan cüdosunda ilk şəxs oldunuz ki bu yarışda qalib oldunuz. İndiyədək yalnız Nicat Şıxəlizadə 2007-ci ildə, turnir hələ Dünya Superkuboku adlandığı vaxtda qızıl medal qazana bilmişdi. Qeyd olunan uğur təxminən sizin cüdoda ilk addımlarınızı atdığınız yaşa təsadüf edib. Ümumilikdə bu məqamın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Məlumatım var idi. İndiyə qədər iştirak etməsəm də, izləyərkən, turnirin ab-havası həmişə fərqli təsir bağışlayıb. Həmin atmosferi duymaq arzum olub. Mən isə iştirakla kifayətlənmədim, çempion oldum. Sevincimin həddi-hüdudu yoxdur. 

- Gənclər və idman naziri Fərid Qayıbov da "Facebook" profilində sizi qazandığınız uğur münasibətilə təbrik etdi, yeni nailiyyətlər gözlədiyini bildirdi. Bununla bağlı söyləmək istədiyiniz nəsə varmı?

- Cənab nazirə göstərdiyi diqqətə görə dərin minnətdarlığımı bildirirəm. Nazirin haqqımda qeyd etdiyi fikirlər məsuliyyətimi artırdı. Əlimdən gələni edəcəyəm ki, uğurun ardı gəlsin. Parisdə yenidən çempion olmaq istəyirəm. Bu dəfə artıq Olimpiya çempionu.