"Prosineçkinin dedikləri həqiqətdən uzaqdır" - Filip Ozobiç
"Burada bilirlər ki, Xorvatiya qrupda bir nömrəli komandadır, oyun və nəticələr göstərib".
Sportline.az xəbər verir ki, bunu "Qarabağ" klubunun futbolçusu Filip Ozobiç Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Xorvatiyanın eyni qrupa düşməsini "Jutarnji List"ə şərh edərkən deyib. Xorvatiyalı yarımmüdafiəçi müsahibəsində Azərbaycan millisində oynama perspektivinə də münasibət bildirib...
- Azərbaycan millisinin əksər futbolçuları Robert Prosineçkinin də rəhbərliyi altında çıxış ediblər. Xorvatiya yığmasında isə dəyişikliklər baş verib. Azərbaycandan nə gözləmək olar?
- Hər şey seçmə mərhələyə necə başlamaqdan asılı olacaq. Start yaxşı alınsa, hər şey mümkündür. Hətta Azərbaycan millisi Avropa çempionatına vəsiqə uğrunda mübarizə apara bilər. Qrup yaxşı və balanslaşdırılmışdır. Xüsusən, ikinci yer uğrunda gərgin döyüş gedəcək.
- Azərbaycan millisi yeni baş məşqçinin rəhbərliyi altında necə təsir bağışlayır?
- Onlar qol vurmaq istəyirlər, müdafiədə oturub topu uzaqlaşdırmaqla məşğul olan komanda deyillər. Qurban Qurbanov yaxşı baş məşqçidir, "Qarabağ"la əla nəticələr göstərib. Hesab edirəm ki, o, milli komandada da çox şey edə bilər. Biz hələ seçmə mərhələ barədə danışmamışıq. Çünki bu, çempionat vaxtına təsadüf edib.
- Prosineçki və köməkçisi Qordon Tsipriç Azərbaycanda 170 sm-dən uca boya malik futbolçunun olmamasından şikayətlənirdilər. Xorvatiya millisi standart vəziyyətlər zamanı bu üstünlükdən yararlana bilər?
- Onların heç də hamısı 170 sm-dən aşağı boya malikdir. Bu, bir qədər həqiqətdən uzaqdır (gülür). Təbii boy hədləri var və onlarla mübarizə aparmaq çətindir.
- Xorvatiya millisində 2 dəfə çıxış etsəniz də, bunlar rəsmi matçlara təsadüf etməyib. Azərbaycan yığmasına dəvət alsanız, qəbul edərsiniz?
- Azərbaycanda çoxdan olsaydım və şərtlərə cavab versəydim, bu komandaya dəvəti qəbul edərdim. Amma mən təklif almalı və razılaşmalıyam. 2015-ci ildən Azərbaycandayam. İlk növbədə, məni burada neçə il qalmağım maraqlandırır: 3, yoxsa 5. Hələlik rəsmi cavabım yoxdur.
- Bakı necə şəhərdir?
- Bura gələn istənilən şəxs gözəl şəhər və ölkə görə bilər. Bunu isə görmədən keçmək mümkün deyil. (report.az)