Prosineçkinin gələcək karyerası dumana bürünüb
Milli komandamızla yolları ayrılan Robert Prosineçkinin gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir. Sportline.az xəbər verir ki, dekabrda Azərbaycan millisi ilə müqavilə müddəti bitəcək xorvat mütəxəssis hələ də iş yeri haqda dəqiq söz söyləməkdə çətinlik çəkir. Bu ölkəsinin mətbuatına son açıqlamasında da əksini tapır: "Heç bir milli komanda ilə əlaqəm yoxdur. Məndən nə vaxt soruşublarsa, cavabım “yox” olub. Adımı hallandırdıqları üçün hamısına təşəkkür edirəm. Amma Serbiya millisində olmayacağam. Planlarımda Avropa klublarında çalışmaq var”. Qeyd edək ki, milli komandamızın sabiq baş məşqçisinin adı əsasən Türkiyə klubları ilə yanaşı hallanırdı.