Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak edib.

Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında təşkil olunub.

Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya olacaq.

Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.