“Qarabağ” müdafiə və yarımmüdafiə xəttimizi çaş-baş saldı”
“Rəqibimiz bizdən daha iradəli oynadı. Matça gərgin pressinqlə başlayan “Qarabağ” müdafiə və yarımmüdafiə xəttimizi çaş-baş saldı”.
Sportline.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un kapitanı Denes Dibuş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra Macarıstan mətbuatına müsahibəsində deyib.
1:3 hesablı məğlubiyyəti şərh edən qapçı “Qarabağ”ın mərhələni keçməyə layiq olduğunu bildirib: “Onların təzyiqinə görə topa sahib olmaq və hücum qurmaq üçün vaxtımız olmadı. Bizi təzyiq altında saxladılar ki, bu da səhvlərə yol verməyimizə səbəb oldu. “Qarabağ”ın əvvəlki görüşlərdəki kimi hücuma keçəcəyini düşünürdük. Bu üzdən daha çox əks-hücumlar üzərində məşq etdik və topu ələ keçirən kimi sürətlə irəli çıxmaq, hansı mövqelərdə qərarlaşmaq üzərində çalışdıq. Üstəlik, öncəki günlərdə diqqətimizi son zərbələrə yönəltmişdik. 1-2 real imkan yaratdıq. Bəxt bizim tərəfimizdə olsaydı, birinci hissədə hesabı bərabərləşdirə bilərdik. Amma bütövlükdə matçı nəzərə alsaq, daha yaxşı olan komanda irəlilədi”.
Dibuş Ağdam klubunun matçın başlanğıcından onlara oynamaq imkanı vermədiyinini qeyd edib: “İlk dəqiqələrdən hiss olunurdu ki, lazımi inamımız yoxdur. Artıq ilk saniyələrdən topu rəqibə atdıq. Bu cür başlanğıc mənim üçün həmişə xəbərdarlıq əlamətidir. Çünki bu, görüşə necə başlayacağımızı göstərirdi. “Qarabağ”ı dərhal təzyiq altında saxlayaraq, rəqibi müdafiədən çıxmağa qoymamalıydıq. Bu cür oyunların ilk 5-10 dəqiqəsini kritik saymaq olar. Təəssüf ki, “Qarabağ”la qarşılaşmanın hər iki hissəsinə istədiyimiz kimi başlamadıq.
Düşünmürəm ki, yorğun idik. Sadəcə, “Qarabağ”ın futbolçuları daha dinamik göründülər. Rəqibimiz çox yaxşı, hər kəsin nə etdiyini bildiyi sistemdə oynadı, aqressiv və intensiv hücuma keçdi.
Komandanın kapitanı “Qarabağ”ın zəif görünən müdafiə xəttini yarmaq niyə sizə çətin oldu” sualını belə cavablandırıb: “Rəqib müdafiəsini kifayət qədər təzyiq altında saxlaya bilmədik. Oyunumuzun dinamikasına və ritminə sahib olmaq üçün lazım olan dərin ötürmə imkanlarını inkişaf etdirə bilmədik. Hücumçularımızın top qəbulu və onunla davranışı “Qarabağ”ın müdafiə xəttinə əziyyət vermədi”.
Xatırladaq ki, Bakıda rəqibi ilə heç-heçə edən (1:1) “Qarabağ” Budapeştdə 3:1 hesablı qələbə ilə pley-offa yüksəlib. “Ferentsvaroş” isə Avroliqanın pley-offunda "Şemrok Rovers"lə (İrlandiya) qarşılaşacaq