"Qarabağ" rəsmisi Budapeştdə beynəlxalq sammitdə iştirak edəcək
"Qarabağ"ın mətbuat katibi Anar Hacıyev Budapeştdə keçiriləcək "Commercial Excellence Summit 2025"də iştirak edəcək.
Sportline.az xəbər verir ki, klub rəsmisi bu barədə "Report"a açıqlama verib.
O, iştirak edəcəyi beynəlxalq sammitin məqsədi haqqında danışıb:
"Qarabağ"ın təmsilçisi olaraq Budapeştdə keçiriləcək "Commercial Excellence Summit 2025"də iştirak edəcəyəm. Bu beynəlxalq tədbir idman və biznes dünyasının aparıcı liderlərini bir araya gətirən, yeni işgüzar əlaqələr yaratmaq və müzakirələr üçün mükəmməl bir platformadır. Sammit çərçivəsində keçiriləcək sessiyada "Qarabağ"ın mobil tətbiqindən və rəqəmsal strategiyalarımızdan danışacağam. Klubumuzun azarkeşlərə daha yaxın olması, interaktivliyi artırması, həmçinin müasir texnologiyaları effektli şəkildə tətbiq etməsi istiqamətində atdığı addımlar və planlar əsas müzakirə mövzusu olacaq. Bildiyiniz kimi, "Qarabağ"ın klub tətbiqi bu istiqamətdə atılan addımdır və artıq geniş istifadəçi bazasına malikdir. Tədbirdə fərqli ölkələrdən gələn mütəxəssislərlə fikir mübadiləsi aparmaq və idman sektorunun gələcək inkişafını formalaşdıran trendləri müzakirə etmək imkanı yaranacaq".
Qeyd edək ki, sammit martın 19-da Budapeştdə, "Ferentsvaroş" klubunun ev oyunlarını keçirdiyi "Groupama Arena"da baş tutacaq.