“Qarabağ” səfər komandasıdır - Statistika
Çexiyalı futbol biliciləri “Viktoriya”nın cavab oyununda “Qarabağ”ı üstələyəcəyinə hədsiz inam bəsləyir. Bu da səbəbsiz deyil.
Plzen təmsilçisi “Doosan Arena”da keçirdiyi matçlarda kifayət qədər inamlı təsir bağışlayır. Statistikaya nəzər salsaq, “qırmızı-göylər” avrokuboklarda doğma arenada sonuncu dəfə 2018-ci ildə “Real Madrid”ə boyun əyib – 0:5.
O vaxtdan bu yana 10 ev qarşılaşmasına çıxan “Viktoriya” bunların 9-nu qələbə ilə başa vurub, yalnız “Olimpiakos”la bərabərə qalıb.
Lakin bu fakt “Qarabağ”lıları və azərbaycanlı futbosevərləri qorxutmamalıdır. Çünki “köhlən atlar” da səfər komandası kimi tanınır.
Uzağa getmədən, məhz indiki heyətin mübarizə apardığı son ilə nəzər salanda maraqlı faktla rastlaşmaq mümkündür.
“Qarabağ” son 2 ildə avrokubokların təsnifat mərhələlərində 6 rəqiblə qarşılaşıb ki, 4 halda ilk matç Bakıda, cavab oyunu isə səfərdə keçirilib.
Qurban Qurbanovun yetirmələri bütün hallarda məhz səfərdəki sərfəli nəticələrin hesabına istəyinə çatan tərəf olub.
“Qarabağ” – “Aşdod” (İsrail) 0:0
“Aşdod” – “Qarabağ” 0:1
“Qarabağ” – “Aberdin” (Şotlandiya) 1:0
“Aberdin” – “Qarabağ” 1:3
“Qarabağ” – “Sürix” (İsveçrə) 3:2
“Sürix” – “Qarabağ” 2:2
“Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) 1:1
“Ferenetsvaroş” – “Qarabağ” 1:3
Statistika göstərir ki, indiki “Qarabağ” məhz səfər komandasıdır. Ağdamlılar ötən ildən bu yana təsnifat mərhələlərində Bakıda başladığı yolu səfərdəki bütün oyunlardan sərfəli nəticələrlə ayrılmaqla (3 qələbə, 1 heç-heçə) uğurla dəf edib.
Odur ki, “Viktoriya”nın “Doosan Arena”dakı inamlı çıxışı “Qarabağ”lıları narahat etməməlidir.
Mənbə: Sports.az