"Qarabağ"ın heyətində itkilər var
"Qarabağ" Azərbaycan Premyer Liqasının XIV turunda "Sabah"la oyuna itkilərlə çıxacaq.
Sportline.az xəbər verir ki, Filip Ozobiç və Kevin Medina bugünkü görüşdə iştirak etməyəcək.
Ozobiç zədə səbəbindən görüşü kənardan izləyəcək.
Medina isə cəzalı olduğu üçün matçın iştirak ərizəsinə daxil edilməyəcək. 28 yaşlı kolumbiyalı müdafiəçi XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri görüşdə qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi ona iki oyunluq cəza verib.
"Sabah" komandasında isə zədələrini yenicə sağaltmalarına rəğmən, hələ kollektiv məşqlərə qatılmayan qapıçı Saşa Stamenkoviç və müdafiəçi Bəhlul Mustafazadənin meydana çıxmayacaqları dəqiqdir.
Qeyd edək ki, bu gün "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 18:00-da başlanacaq.