"Qarabağ"la ÇL-in qrupunda oynamış futbolçular indi hardadır?
“Qarabağ” bu gün tarixinin ən vacib oyunlarından birinə çıxacaq. Ağdam klubu Çempionlar Liqasının bir addımlığındadır. Lakin bunun üçün Bakıda əla müdafiə olunan və qapısının toxunulmazlığını qoruyub saxlayan “Viktoriya Plzen” məğlub edilməlidir. Çexiya klubunun baş məşqçisi Mixal Bilek dünən mətbuat konfransında qeyd etdi ki, indiyə qədər nə özü, nə də əksər futbolçuları Çempionlar Liqasının (ÇL) qrupunda oynamayıblar.
“Qarabağ” isə 2017/2018-ci illər mövsümündə ÇL-də “Çelsi”, “Atletiko” və “Roma” ilə eyni qrupda mübarizə aparıb. İlk dəfə nüfuzlu turnirin qrupuna düşən Ağdam klubu 2 xal toplaya bilmişdi.
“Qarabağ” qrupda ilk oyununu 2017-ci il sentyabrın 12-də Londonda “Çelsi”yə qarşı keçirib, 0:6 hesabı ilə məğlub olmuşdu.
Həmin oyunda meydana çıxan futbolçuların indi harda olduqlarını və hansı işlə məşğul olduqlarını öyrənməyə çalışdıq.
İBRAHİM ŞEHİÇ
Bosniya və Herseqovinalı qapıçı artıq 2 ildir ki, Konyaspor”un formasını geyinir. O, 2018-ci ildə “Qarabağ”ı tərk edərək “Ərzrumspor”a yollanmışdı. Ötən mövsüm Şehiçin “Konyaspor”u Türkiyə Super Liqasında 3-cü yeri tutdu. Ümumiyyətlə, İbrahim indi Türkiyə çempionatının ən yaxşı qapıçılarından hesab olunur.
MAKSİM MEDVEDEV
32 yaşlı müdafiəçi hələ də “Qarabağ”ın heyətindədir və kapitan sarğısını daşıyır. Ancaq Maksim “Viktoriya”ya qarşı səfərdəki matçda da forma geyinə bilməyəcək. Təcrübəli futbolçunun zədəsi tam sağalmayıb və o, Çexiyada komanda yoldaşlarını kənardan izləyəcək.
RƏŞAD SADIQOV
“Böyük kapitan” artıq iki ildir ki, futbolçu karyerasını bitirib və “Zirə”nin baş məşqçisidir. Onun komandası yayda UEFA Konfrans Liqasında mübarizə aparsa da, “Makkabi” (Tel Əviv) klubuna uduzaraq mübarizəni dayandırdı. “Qarabağ”ın əfsanəsinin yeni mövsümdə hələ ki işləri istənilən kimi getmir. “Zirə” 3 oyundan 4 xal toplayıb və “Sumqayıt”la son görüşdən (0:0) sonra hakimlərdən narazı qaldılar.
YAKUB JEZNİÇAK
Polşalı müdafiəçinin Azərbaycan karyerasının elə də uğurlu alındığını deyə bilmərik. Kuba heç cür “Qarabağ”da möhkəmlənə bilmədi o, Ağdam təmsilçisində cəmi 25 oyun keçirib komandadan ayrıldı. 35 yaşlı futbolçu artıq 3 ildir ki, millimizin üzvü Anton Krivotsyukun da çıxış etdiyi “Visla Plotsk”un şərəfini qoruyur. “Visla Plotsk” yeni mövsümə əla başlayıb. Komanda 6 oyundan sonra 16 xalla turnir cədvəlinə başçılıq edir.
BƏDAVİ HÜSEYNOV
Bədavi yenə “Qarabağ”ın müdafiə xəttinin dirəklərindən sayılır. O, “Viktoriya Plzen”lə cavab oyununda da meydana çıxacaq. Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlməsi Hüseynovun etibarlı oyunundan da asılı olacaq.
DONALD GERYE
Bu yaxınlarda Geryenin yenidən Azərbaycana qayıda biləcəyi ilə bağlı xəbər yayılsa da, bu təsdiqlənmədi. Sol cinah müdafiəçisi “Qarabağ”ın “Sürix”lə səfərdəki oyununu gəlib stadiondan izlədi. Gerye bu yaxənıarda Kiprin “Olimpiakos” klubu ilə müqvilə bağladı. 33 yaşlı haitili futbolçu hələ ki yeni komandasında debüt etməyib.
QARA QARAYEV
Qara artıq 14 ildir ki, “Qarabağ”ın formasını geyinir. Dayaq yarımmüdafiəçisi Qurban Qurbanovun güvəndiyi futbolçulardandır. O, “Viktoriya Plzen”lə Bakıdakı ilk qarşılaşmada da start heyətində meydana çıxmışdı. Qarayev yəqin ki, bu gün də ilk dəqiqələrdən şans əldə edəcək. Qaranın adı bu günlərdə Türkiyə klubları ilə hallansa da, onu başqa komandada təsəvvür etmək mümkün deyil.
MİÇEL
Mişel Azərbaycandan ayrıldıqdan sonra vətəni İspaniyada yaşayır. O, son olaraq 2020-2021-ci illər mövsümündə IV liqada mübarizə aparan “Marino Luanko” komandasında çıxış edib. İspaniyalı futbolçu 2021-ci ilin martında zədə səbəbindən karyerasını bitirməli oldu. Vaxtilə İspaniya La Liqasında Messiyə qarşı oynamış 36 yarımmüdafiəçi indi vaxtının çox hissəsini ailəsinə həsr edir.
RİÇARD ALMEYDA
33 yaşlı Almeyda mövsümdən əvvəl “Qarabağ”dan ayrılmaq üzrə idi. Lakin Patrik Andradenin “Partizan”a getməsi məşqçilər korpusunun fikrini dəyişdi. Həm də Riçard daha az maaşla komandada qalmağa razılıq verdi. Buna görə “Qarabağ” tənqid olunsa da, millimizin üzvü oyunu ilə onu hesabdan silməyin tez olduğunu göstərdi. Həqiqətən də dayaq yarımmüdafiəçisi Çempionlar Liqasının ilk təsnifat mərhələsində yaxşı təsir bağışladı.
DİNO NDLOVU
“Qarabağ” tarixinin ən yaxşı hücumçularından biri yenə Çin çempionatında oynayır. CAR-lı forvard bu ilin aprelində “Kocaelispor”dan “Yatai” klubuna keçdi. Ndlovu “Kocaelispor”un heyətində Türkiyə I Liqasına əla başlasa da, zədə səbəbindən sona qədər öz bacarığını göstərə bilmədi. 32 yaşlı futbolçu Çin Super Liqasında 9 oyunda 1 qol vurub.
PEDRO ENRİKE
“Qarabağ” braziliyalı futbolçunu o vaxt Çempionlar Liqası üçün icarəyə götürmüşdü. Pedro yaxşı təsir bağışlasa da, klubu ilə müqaviləsi olduğundan onu transfer etmək alınmadı. Pedro “Kayserispor” və “Sivasspor” klublarının heyətində 3 il Türkiyə Super Liqasında çıxış etdikdən sonra bu ilin aprelində vətəninə – “İnternasional”a dönərək 2 illik müqavilə bağladı. Pedro Cənubi Amerikada da özünü yaxşı tərəfdən göstərir. O, Braziliya A seriyasında 18 oyuna 4, Sudamericana kubokunda isə 4 görşə 1 qol vurub.
COŞQUN DİNİYEV
Coşqun “Çelsi” ilə Londondakı oyunda 70-ci dəqiqədə meydana daxil olmuşdu. 2019-da “Qarabağ”dan ayrılan futbolçu iki il “Sabah”da keçirdikdən sonra 2021-ci ildə “Zirə”yə transfer olundu. 26 yaşlı futbolçu Rəşad Sadıoqun güvəndiyi isimlərdəndir. O, Azərbaycan Premyer Liqasının ilk 3 turundakı bütün oyunlarda meydanda olub.
MAHİR EMRELİ
Mahir də “Stemford Bric”də sonradan meydana daxil olmuşdu. 2021-ci ildə “Qarabağ”dan ayrılan hücumçunun “Legiya” karyerası o qədər də yaxşı alınmadı. Düzdür, millimizin üzvü Varşava klubunda vacib qollar vururdu, amma azarkeşlərlə münasibətlərin pozulması onun “Legiya”dan ayrılmasına səbəb oldu. 23 yaşlı forvard son vaxtlar Zaqreb “Dinamo”sunda da heyətə düşməkdə çətinlik çəkir. Yeri gəlmişkən, sabah “Dinamo Zaqreb” də pley-off oyununa çıxır. Mahirin komandası öz meydanında “Budo Qlimt”lə qarşılaşacaq. Ümid edək ki, həmyerlimiz bu dəfə start heyətində şans əldə edər.
TARIQ ELYUNUSSİ
Norveç yığmasının üzvü də “Qarabağ”da icarə əsasında oynadı. Amma Pedrodan fərqli olaraq Tarıq Ağdam klubunda heç cür potensialını ortaya qoya bilmədi. Zədə də futbolçuya özünü göstərməyə mane oldu. Tarıq artıq iki ildir ki, “gündoğar ölkə”də çıxış edir. O, 2020-ci ildə “Syonan Belmare” klubu ilə müqvilə bağladı. Tarıqın artıq 34 yaşı var, və o, karyerasının son illərində Yaponiyada pul qazanmaq haqqında düşünür.
Ehtiyatda qalıb meydana çıxmayan futbolçular: Anton Kanibolotski, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov. (Msport.az)