"Qəbələ"nin "Kəpəz"lə 24-cü dueli
Bu həftə Misli Premyer Liqasında 2022/23 mövsümü başa çatacaq. Sonuncu tur iki günü əhatə edəcək. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Kəpəz”i qonaq edəcək.
Sportline.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, mayın 27-i keçiriləcək görüş komandaların 24-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 23 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.
Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 6 məğlubiyyət alıb. Komanda top fərqində də öndədir – 31-19. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.
12-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 15 qol vuran futbolçularımız öz qapısından 7 top buraxıb
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ” - “Kəpəz” matçı saat 17:30-da başlayacaq.