"Qəbələ"dən Litvada 1 qələbə, 1 məğlubiyyət
Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” turnirinə start verilib.
SportLine.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.
Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviyanın “Dauqavpils” komandasına qarşı keçirib. "Qırmızı qaralar" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Komanda Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.