"Qrup birincisi olmaq minimum tələbdir" - Elxan Məmmədov
"Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədir. Növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq”.
SportLine.az xəbər verir ki, bunu "Report”a AFFA-nın baş katibi Elxan Məmmədov bu gün UEFA Millətlər Liqasının V turunda Farer adaları komandasını qəbul edəcək Azərbaycan yığmasının şanslarını dəyərləndirərkən deyib. Milli assosiasiyanın rəsmisi bildirib ki, yeni turnir AÇ-2020-yə vəsiqə qazanmaq baxımından çox gözəl bir şansdır: "Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdir. Artıq risk etmək olmaz. Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdir. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq. Kosovo hazırda 8 xalla qrup lideridir. Azərbaycanın 6, Farer adalarının 4, Maltanın isə 2 xalı var.