Qubada “Qızlar Futzal Kuboku” keçirilib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qubada 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 7 komanda iki qrupda mübarizə aparıb.

Qruplarda ilk iki yeri tutanlar pley-off mərhələsində üz-üzə gəliblər. 4 saylı tam orta məktəb turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq, Zərdabi kənd tam orta məktəb və 7saylı tam orta məktəb tutublar.

2 saylı tam orta məktəbin şagirdi Gülay Cəfərova 4 qolla turnirin ən məhsuldar oyunçusu olub. 7 saylı tam orta məktəbin şagirdi Nihan İsmayılova ən yaxşı oyunçu, Zərdabi kənd tam orta məktəbin şagirdi Gülay Babaəliyeva turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutanlar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) milli komandanın baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Qeyd edək ki, layihənin təşkilində əsas məqsəd gələcəkdə AFFA U-15 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatlarla təmin olunub.