Rafael Ağayev Fransada iki medal qazandı
Fransa paytaxtında Karate1 Premyer Liqasının "Paris Open" mərhələsinə yekun vurulub.
SportLine.az xəbər verir ki, Azərbaycan millisi yarışı bir gümüş medalla başa vurub. Yarış zamanı çənəsi və burnundan iki zədə alan yığmanın lideri Rafael Ağayev finalda yaponiyalı karateçiyə uduzub. 75 kq çəkidə yer alan Ağayev gümüş medalla yanaşı, Dünya Karate Federasiyasının (WKF) ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi "Grand Winners"in mükafatçılarından biri olub. Namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib.
Yarışda iştirak edən milli komandanın digər üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Turqut Həsənov, Pənah Abdullayev (ikisi də 84 kq) və Nuranə Əliyeva (50 kq) təsəlliverici görüşlərə qatılsalar da, medalsız qalıblar.
"Kiçik dünya çempionatı" adlandırılan "Paris Open" turnirində 82 ölkədən 776 idmançı iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev, məsul final görüşlərini idarə edən referilər arasında olub. Karateçilərin növbəti rəsmi yarışı fevralın ortalarında Karate1 Premyer Liqasının Dubay mərhələsi olacaq.
Azərbaycan Karate Federasiyasının məlumatı