Regekampf: "Qələbə üçün əlimizdən gələni edəcəyik"

"Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq"

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib: "Hər iki komanda kuboku qazanmağa motivasiyalıdır. Rəqib çox yaxşı komandaya malikdir. Onlara hörmətlə yanaşmalı, finala kimi gəldikləri yola nəzər yetirməliyik. Bura qədər çox güclü komandalara qalib gəliblər. Qələbə üçün əlimizdən gələni edəcəyik. Buna hazırıq. Ümumilikdə şanslar yarı-yarıyadır".

Baş məşqçi penalti zərbələrinə də hazır olduqlarını söyləyib: "Təkcə 90 yox, 120 dəqiqəyə də, penaltilər seriyasına da hazırıq".

O, finalda başqa məşqçinin təcrübəsinin o qədər də böyük rol oynamadığını düşünür: "Bu cür oyunlarda baş məşqçi təcrübəsini müqayisə etmək olmaz. Bir neçə gün öncə keçirilən Avropa Liqasının finalına baxaq. Əgər təcrübəni ön planda tuturuqsa, o zaman kuboku Mourinyoya vermək lazım idi. Biz futbolçuları yüksək səviyyədə motivasiya etməyə çalışacağıq. Sabah çox qaçmalı, klubumuzu yaxşı tərəfdən təmsil etməliyik. Hər bir oyunçu meydana daxil olanda bu klubun nə məna kəsb etdiyini bilir. Final oyununda böyük hisslər olur. Hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışacaq. Çox sevinirəm ki, finala qədər gəlib çıxmışıq. Deməli, özümüz və komandamız üçün nəsə yaxşı iş görmüşük".

Baş məşqçi öz gücünə də əmin danışıb: "Öz səviyyəmə bələdəm. İşimi də görəndə heç nədən qorxmuram. Peşəkar məşqçiyəm. Müqaviləyə qol çəkəndə hər şeyi bilirdim".

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.