"Rəqibin fərqi belə rahat artıracağını gözləmirdik"

"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 30-cu turunda "Neftçi"yə məğlub olduqları matç (0:0) haqda danışıb.

Sportline.az xəbər verir ki, baş məşqçi ilk qola qədər planlı oynadıqlarını, lakin ardıcıl buraxılan qolların komandaya mənfi təsir etdiyini bildirib. O, elitada qalmaq şansları davam etdikcə sonuna qədər mübarizə aparacaqlarını vurğulayıb:

"Oyun barədə çox geniş danışmağa lüzum görmürəm. Matça çox ciddi hazırlaşmışdıq və düşünürdük ki, doğma meydanda daha yaxşı təsir bağışlayacağıq. İlk buraxılan qola qədər komanda planlı şəkildə oynayırdı. Sadəcə mövqe səhvindən qapımızda gördüyümüz qol oyunumuza mənfi təsir göstərdi. Qarşıda hələ üç oyunumuz qalıb. Nə qədər ki şansımız var, son ana qədər mübarizə aparacağıq. "Neftçi"ni isə qələbə münasibətilə təbrik edirəm".

Mütəxəssis ilk qoldan sonra komandanın oyununda yaranan enişin səbəblərinə aydınlıq gətirib:

"Düşünmürəm ki, bizi sındıran məhz birinci qol oldu. Sadəcə olaraq birinci hissənin sonlarında rəqibin belə rahatlıqla fərqi artıracağını gözləmirdik. Deyərdim ki, oyunumuzda eniş ikinci qoldan sonra baş verdi və bu da başa düşüləndir. Məğlub olmaq istəmirdik, ancaq fasiləyə 0:2 hesabı ilə yollandıqdan sonra geri dönüş etmək çox çətin idi".

Çempionatda qalmaq uğrunda əsas rəqibləri olan "Qəbələ" ilə təqvim fərqinə və aradakı xal fərqinə toxunan baş məşqçi həlledici matçlara ciddi hazırlaşacaqlarını bildirib:

"Qəbələ" üçün də, bizim üçün də qarşıda kifayət qədər çətin oyunlar var. Hazırda aramızda 6 xallıq fərq var və biz onlarla öz meydanımızda qarşılaşacağıq. Bu fərqi aradan qaldırmaq məqsədilə hər bir oyuna ən ciddi şəkildə hazırlaşacağıq".

Sonda o, həlledici turlarda eyni hədəf uğrunda mübarizə aparan komandaların matçlarının fərqli saatlarda keçirilməsi və sıx qrafiklə bağlı verilən sualı belə cavablandırıb:

"Daha az istirahət edəcəyik. Təqvim belə qurulub. Biz də öz hazırlıq planımızı məhz bu təqvimə uyğunlaşdırmağa çalışacağıq".