Respublika Olimpiya Velosiped Məktəbinin açıq birinciliyi keçirilib

Respublika Velotrekində trek velosipedi üzrə Respublika Olimpiya Velosiped Məktəbinin Açıq Birinciliyi keçirilib.

Sportline.az xəbər verir ki, yarışda klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.

Reqlamentə əsasən bütün yaş kateqoriyaları üzrə idmançılar 12 növdə güclərini sınayıblar. U15 yaş qrupunda 333 və 666 metr, U17 yaş kateqoriyasında 666 metr və çıxma ilə qrup yarışı, gənclər 1 km və çıxma ilə qrup yarışı, U23 və Elit yaş qrupundakı idmançılar isə 1 km və çıxma ilə qrup yarışında ən güclüləri müəyyənləşdiriblər.

Yarışın keçirilməsində əsas məqsəd 2022-ci ildə təşkil olunacaq İslam Həmrəyliyi Oyunları, həmçinin dünya və Avropa çempionatlarında iştirak edəcək trek velosipedi üzrə yığma komandaya namizəd idmançıları müəyyənləşdirməkdir. Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediliblər.