Reytinq cədvəli: İdmançılarımız irəlilədilər

Beynəlxalq Cüdo Federasiyası Bakıdakı "Böyük Dəbilqə" turnirindən sonra yeni reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, doğma meydanda qızıl medal qazanaraq aktivinə 1000 xal əlavə edən Orxan Səfərov (66 kq) 8 pillə irəliləyişə nail olub. 30 yaşlı cüdoçumuz hazırda dünya sıralamasında 5-cidir.

Digər mükafatçılardan Məmmədəli Mehdiyev (90 kq) 3, Hidayət Heydərov (73 kq) 5,  Uşanqi Kokauri (+100 kq) 7 pillə irəliləyişlə müvafiq olaraq 6, 14 və 15-ci sırada qərarlaşıblar. 

Mövqeyini 29 pillə yaxşılaşdıran Munxtsedev İçinxorlu (57 kq) 39-cu, 36 pillə qabağa düşən Elcan Hacıyev (81 kq) 45-cidir. Ən çox irəliləyən isə Rövşən Əliyev (60 kq) olub. "Böyük Dəbilqə"dəki bürünc mükafat sayəsində 500 reytinq xalı qazanan idmançımız 218-ci sıradan 64-cü yerə yüksəlib.

Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vursa da, iki pillə irəliləyib. Titullu cüdoçumuz hazırda 9-cudur.

Bakı turnirində iştirak etməyən cüdoçularımızdan Kəramət Hüseynov (60 kq) və  Elmar Qasımov (100 kq) 1, Murad Fətiyev (81 kq) 2 pillə geriləyib. Onlar müvafiq olaraq 8, 15 və 21-ci sıradadırlar. 100 kq-dakı digər təmsilçimiz Zelim Kotsoyev isə əvvəlki kimi 7-ci yerdədir.