"Sarı formanı əldə etmək istəyirdim"
"Bu gün birinci yeri tutmaqla yanaşı, sarı formanı da əldə etmək istəyirdim. Amma kifayət etmədi".
Sportline.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi olan Niderland təmsilçisi Şurmans Luk mətbuat konfransında deyib.
Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edərək finiş xəttinə birinci çatan velosipedçi sevincli olduğunu bildirib: “Yarışın əvvəlində böyük qruplar yarandı. 176 km ərzində bu mübarizə davam etdi. Sonradan 13 nəfərdən ibarət lider qrup əmələ gəldi. Hətta qruplar arasında 4 dəqiqə fərq oldu”.
İki mərhələdən sonra ümumi yarışın lideri olan Bolqarıstan millisinin üzvü Martin Papanov sarı formanı özündə saxlamaqdan məmnunluğunu vurğulayıb: “Millimizin heyətində 4-5 komanda var, bu, böyük heyət deyil. Digər komandaların da gücündən istifadə edərək liderliyimi qorudum. Bu gün bərpaedici yarış idi. Bizim üçün əsas son iki mərhələ olacaq”.
Konfransda iştirak edən yarışın direktoru Roland Hofer uğurlu mərhələ alındığını söyləyib: “Gözəl mübarizə getdi, bir neçə maraqlı keçidlərə şahidlik etdik. Bir ara 13 nəfərdən ibarət velosipedçi digərlərindən önə çıxdı. Hətta düşünürdük ki, Papanov sarı formasını saxlaya bilməyəcək. Ancaq o, ümumi sıralamada liderliyini qoruya bildi. Dəfələrlə Qəbələdə olmuşam, buranı sevirəm. Startda yerli insanlar həvəslə izləyir, velosipedçiləri dəstəkləyirdilər. Ümid edirəm ki, gələn il də Qəbələdə bu yarış davam edəcək”.
Qeyd edək ki, velosipedçilər iyunun 9-da Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km yol qət ediləcək.