Seçmə komandamız İrəvana yollanmayacaq
Boks üzrə seçmə komanda Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq Avropa çempionatına qatılmayacaq.
Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin iclasında qəbul olunub.
Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasında mayda keçiriləcək seçkilər, idmançıların dünya çempionatı üçün təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq mayın 21-də start götürəcək Avropa çempionatında iştirak etməməyə qərar verilib. Yarışa mayın 31-də yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində medallar qazanıb. Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ölkənin boks tarixinin 10 il əvvəlki rekordunu təkrarlayıblar. Gənc boksçular arasında Avropa birinciliyində isə komanda 3 illik fasilədən sonra çempionluq əldə edib. Yığma yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.