"Səfərə böyük ümidlə gedəcəyik" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen, Çexiya) ilə Bakıdakı ilk matç (0:0) haqqında fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, oyundan dərhal sonra "CBC Sport"a açıqlamasında deyib:

"Ağır oyun oldu. Bu komandadan nə gözləyirdiksə, elə də oynadılar. Dünən də bildirmişdim ki, onlar öz vəzifələrini sevə-sevə yerinə yetirirlər. Bütün meydan boyu birəbir oynayırdılar. Buna baxmayaraq, yaxşı qol şanslarımız oldu. Biz əvvəlcədən danışanda da demişdik ki, ola bilər, cəmi 1-3 qol epizodumuz olsun. Bundan istifadə etməliyik. Amma edə bilmədik. Düşünürəm ki, bizdə də, rəqibdə də həyəcan hiss olunurdu. Çünki pley-off mərhələsidir. Hamı istəyir ki, qrupa düşsün. Görünən odur ki, səfərdə qalib gəlmək üçün bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Səfərə böyük ümidlə gedəcəyik".

Mütəxəssis rəqibin aqressiv oyunu barədə bu sözləri deyib: "Ümumiyyətlə, bu gün futbolda aqressiya çoxalıb. Bunu hər oyunda görürük. Biz səbrli olmalıyıq. Futbolçularıma demişdim ki, çox səbrli davranmalıyıq. İlk oyundur. Qarşıda hələ 90 dəqiqə var. Məncə, pis alınmadı. Nə qədər oyun alınmasa da, rəqib nə qədər aqressiv çıxış etsə də, biz səbrli davrana bildik".

Çalışdırıcı azarkeşlərə Ağdam təmsilçisinə dəstək olduqlarına görə təşəkkür edib: Azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəmdirlər. Çox istəyərdik ki, minimum 1 qol görsünlər. Amma qarşıda oyun var. İnanıram ki, azarkeşlərimiz 6 gün sonra da bizim yanımızda olacaqlar. Çalışacağıq ki, onları sevindirək".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 23-ü Çexiyada olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.