Şahin Bağırov Cəlilabadda yeniyetmə voleybolçular və məşqçilərlə görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Cəlilabadda yeniyetmə və gənc idmançılar, həmçinin məşqçilərlə görüşüb.
Sportline.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, AVF-nin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, yeniyetmə voleybolçuların valideynləri və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı sözügedən rayonda voleybolun inkişafı, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Şahin Bağırov çıxışında federasiya tərəfindən ölkədə voleybolun kütləviliyinin artırılması, bölgələrdə idmanın təşviqi və gənc nəsilin bu idman növünə cəlb olunması istiqamətində gördüyü işlərdən danışıb.
Tədbirdə federasiya prezidenti və digər rəsmi şəxslər yeniyetmələrin məşq prosesini izləyiblər. Daha sonra Şahin Bağırov idmançıların valideynləri ilə görüşərək onların dəstəyinin əhəmiyyətini vurğulayıb, təşəkkürünü bildirib və yaxın gələcəkdə potensiallı gənclərin milli komandaları uğurla təmsil edəcəyinə inamını ifadə edib.