Şəhriyar Məmmədyarov FIDE Qran-prisində növbəti görüşünü keçirib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster II turda rusiyalı Daniil Dubovla qarşılaşıb. O, yenə qara fiqurlarla oynayıb. Görüş 26-cı gedişdə heç-heçə ilə yekunlaşıb.

Bu qrupun digər qarşılaşmasında isə ABŞ təmsilçisi Lenyer Domingeslə almaniyalı Vinsent Kaymer üz-üzə gəlir.

Məmmədyarov ilk turda Kaymerlə heç-heçə edib. Dubov isə Domingesə uduzub.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.