Şəhriyar Məmmədyarov məğlubiyyətsiz irəliləyir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Sportline.az xəbər verir ki, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşıb. Matç 36-cı gedişdə heç-heçə ilə yekunlaşıb.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə "sülh"ə razılaşıb.
Hazırda Məmmədyarov və Dominges hərəyə 3 xalla ilk 2 pilləni bölüşür. Kaymerin 2,5 xalı, Dubovun 1,5 xalı var.
Bu gün keçiriləcək son turda Məmmədyarov ağ fiqurlarla Dubovla, Kaymer isə Domingeslə üz-üzə gələcək.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.